Əmək və sosial siyasət komitəsinin iclasında

Komitə iclasları
26 aprel 2024 | 12:14   
Paylaşın:        

Aprelin 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev gündəliyə 3 məsələnin daxil edildiyini, hər üç məsələdə təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını söyləyib.

Əvvəlcə, komitə sədri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib.

Musa Quliyev ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim edilmiş layihədə ümumilikdə 3 məcəllədə və 5 qanunda dəyişikliklərin edildiyini deyib və komitənin səlahiyyət dairəsinə aid olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklikləri diqqətə çatdırıb. Bildirilib ki, qanunun 38-ci maddəsində “dövlət monitorinqi” sözləri “monitorinq” sözü ilə əvəz olunur. Bununla yanaşı, qanuna yeni 38.4-cü maddənin əlavə edilməsi nəzərdə tutulur. Əlavəyə əsasən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.

Müzakirələr zamanı komitə üzvləri Vüqar Bayramov, Jalə Əliyeva, Arzu Nağıyev məsələ barədə fikirlərini açıqlayıblar.

Sonra komitə sədri Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Qeyd olunub ki, layihədə təklif olunan dəyişikliklər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə uyğun olaraq hazırlanıb. Həmin qanuna təklif olunan dəyişiklikdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatının elektron qaydada aparılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə 7-ci maddənin 2-2-ci hissəsinin və 49-cu maddənin 1-2-ci hissəsinin istisnasız olaraq bütün məhdud məsuliyyətli cəmiyyətlərə şamil edilməsi təmin olunur.

Mülki Məcəllədə isə qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasının məhdudlaşdırılması ilə bağlı tələbin digər hüquqi şəxslərə də aid edilməsi nəzərdə tutulur. 

Sonra iclasda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) nəzərdən keçirilib.

Komitə sədri bildirib ki, layihə “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılma məqsədi ilə hazırlanıb. Sənəddə müvafiq sahəvi qanunla əhatə olunan sosial müdafiəyə ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin “Təhsil haqqında” qanunun 14.8-1-ci maddəsi ilə tənzimlənməsi təsbit edilir.

Bu məsələ ilə bağlı komitə üzvləri İlham Məmmədov, Arzu Nağıyev, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev öz fikir və qeydlərini nəzərə çatdırıblar.

Deputatlar hər üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Tədbirdə komitənin sədr müavini Məlahət İbrahimqızı, komitə üzvləri Əziz Ələkbərov, Sevinc Hüseynova, Aqil Məmmədov, Soltan Məmmədov, Ziyad Səmədzadə iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU